Dağıstanın 14 rayonunun 139 yaşayış məntəqəsində elektrik enerjisinin kəsilmələri baş verib.
"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"14 rayonunun 139 yaşayış məntəqəsində elektrik təchizatının qəza şəraitində kəsilməsi barədə məlumat var. İlkin səbəb elektrik verilişi xətlərindəki (EVX) qısa qapanmalardır", - məlumatda bildirilib.
Dağıstanın Energetika Nazirliyinin məlumatına görə, pis hava şəraiti səbəbindən Akuşa, Buynaksk, Axtı, Tabasaran, Qayakənd, Lak, Qunib, Levaşi, Qaytaq, Babayurd, Qarabudaqkənd rayonlarında, eləcə də Mahaçqalada EVX-lərdə texnoloji pozuntular baş verib.
Daha əvvəl Dağıstanda aprelin 4-dən 6-dək küləyin sürətinin 23 m/s-ə qədər güclənəcəyi və şiddətli yağışlarla bağlı xəbərdarlıq elan edilib.