İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd – 4" hərbi əməliyyatının 96-cı dalğasını həyata keçirib və İsrail ilə ABŞ-nin bölgədəki bazalarını pilotsuz uçuş aparatları (PUA) və raket zərbələrinə məruz qoyub.
"Report" xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
"İsrailin qırıcı təyyarələrini yanacaqla təmin edən Hayfadakı neft emalı zavoduna hücum olub və müəssisənin əsas hissəs dağılıb", - məlumatda qeyd olunub.
Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi əmirliyində yerləşən, ölkənin mühüm enerji mərkəzlərindən və dünyanın ən böyük neft-qaz emalı komplekslərindən biri olan Həbşanda ABŞ-nin "ExxonMobil" və "Chevron"a hücum həyata keçirilib:
"BƏƏ-nin Ər-Rüveys bölgəsində yerləşən, ABŞ silahlı qüvvələri üçün yanacaq və İsrail üçün hərbi məhsullar istehsal edən Amerikanın neft-kimya zavodu raketlə hədəf alınıb və orada genişmiqyaslı yanğın baş verib".
SEPAH-dan bildirilib ki, ABŞ-nin Bəhreynin Sitrə adasındakı neft-kimya müəssisəsinə PUA hücumu təşkil olunub və qeyd olunan müəssisədə yanğın qeydə alınıb. "ABŞ-nin Küveytin Əş-Şueyba liman şəhərindəki neft-kimya obyektlərinə hücumdan sonra kompleksin fəaliyyəti dayandırılıb", - məlumatda vurğulanıb:
"Mülki hədəflərə hücum təkrarlanarsa, bu əməliyyatın ikinci mərhələsi daha sarsıdıcı və daha miqyaslı olacaq".