Pakistan ordusu Əfqanıstan silahlı birləşmələrinin sərhəd postuna hücumunun qarşısını alıb, toqquşmalar zamanı hücum edən tərəfin 37 hərbçisi zərərsizləşdirilib.
"Report" xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, silahlı qarşıdurma şimal-qərbdəki Xeybər-Paxtunxva əyalətində yerləşən Qulam-Xan rayonunda baş verib. 80-dən çox əfqan döyüşçüsü yaralanıb.
Tarar qeyd edib ki, fevralın sonunda tərəflər arasında münaqişənin kəskinləşməsindən bəri Kabilin ümumi itkiləri ən azı 796 ölü və 1 043-dən çox yaralı təşkil edib. Pakistan aviasiyası Əfqanıstan ərazisindəki 81 obyektə zərbələr endirib. Əfqan qüvvələrinin 286 postu məhv edilib, daha 44-ü isə Pakistan ordusunun nəzarətinə keçib. Bundan əlavə, Pakistan Silahlı Qüvvələri düşmənin 249-dan çox zirehli texnikasını sıradan çıxarıb.