IMG-LOGO

Natiq Bağırov: "Avropa Cüdo Birliyi Avropa Kubokunun təşkilatçılığını yüksək qiymətləndirib"

06 Apr 2026 13:45 5 baxış
IMG

Avropa Cüdo Birliyi (EJU) Gəncədə yeniyetmələr arasında keçirilmiş Avropa Kubokunun təşkilatçılığını yüksək qiymətləndirib.

Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov deyib.

O, iştirakçı ölkələrin və EJU-nun təşkilatçılıqdan razı qaldığını söyləyib:

"Onlar turnirin ən yüksək səviyyədə keçirildiyini bildiriblər. Həm qonaqpərvərlik və təşkilatçılıqdan, həm də hakimlərin idarəçiliyindən razı qalıblar. Bu, bizim üçün sevindirici haldır. Yarış Gəncə İdman Sarayında gerçəkləşdi. Bu, ölkəmizdə ən gözəl idman qurğularından biridir".

N.Bağırov Azərbaycan cüdoçularının çıxışına da toxunub:

"Komandamız 24 medal qazandı. Bu, sonuncu yarışımız deyil. Avropa Kubokunun böyük əhəmiyyəti var idi. Bunu seçim yarışı kimi qəbul edirik. Gələcəkdə başqa turnirlər olacaq. Daha sonra Avropa və dünya birincilikləri üçün heyət formalaşacaq. Komanda pis çıxış etmədi, 3 qızıl, 6 gümüş və 16 bürünc medala sahib çıxdıq. İdmançılarımızın potensialı böyükdür. Bundan da yaxşı çıxış edə bilərdilər. Sadəcə, hələlik cüdoçuların keçid dövrüdür və tam formada deyillər".

ACF rəsmisi Avropa Kubokunun hər il bölgələrdə keçirildiyini xatırladıb:

"Daha əvvəl Göygöl və Qubada belə yarışlar təşkil etmişik. Federasiya regionlarda cüdonun inkişafı ilə bağlı işlər görür".

Xatırladaq ki, Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda 24 mükafatla (3 qızıl, 6 gümü, 16 bürünc) medal sıralamasında ikinci yeri tutub. Qazaxıstan 26 medalla (9 qızıl, 6 gümüş, 11 bürünc) birinci olub.

Xəbər lenti