IMG-LOGO

Aqrar Sığorta Fondu güclü yağışlarla bağlı 300-ə yaxın müraciət qəbul edib

06 Apr 2026 14:59 3 baxış
IMG

Aqrar Sığorta Fondu bu ilin mart-aprel aylarında qeydə alınmış güclü yağışlarla bağlı 300-ə yaxın müraciət qəbul edib.

"Report" xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova ATV-nin "İqtisadi zona" verilişində bildirib.

"Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatından yan keçməyib, sektora ciddi ziyan vurub. Bununla bağlı Quba-Xaçmaz, Qarabağ, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadi rayonlarından daha çox müraciətlər daxil olub. Xüsusilə Şabran və Xaçmaz rayonlarında yağıntılar xeyli sayda təsərrüfata ziyan dəyib. ​Təkcə arpa və buğda sahələrinə deyil, meyvə bağlarına da (gilas, heyva, armud, badam və s. ) zərər vurulub və bununla bağlı fermerlərdən bizə müraciətlər daxil olub. Hətta fermerlərin verdiyi məlumata görə, suyun hündürlüyü 60 santimetrə qədər çatıb.

Ümumilikdə martın 20-dən bu günə qədər 2 100 hektar əkinə zərər dəyməsi ilə bağlı bizə müraciətlər daxil olub. ​Ümumi müraciətlərin sayı təxminən 283-dür. 20 mart-31 mart bayram günlərində 168 sığorta müqaviləsi üzrə müraciət daxil olub ki, onun 157-si sel-subasmanı əhatə edib. Bu, onu göstərir ki, bizim son günlərdəki sığorta hadisələri üzrə ödənişlərimiz əsasən sel-subasma riskindən olacaq", - deyə o qeyd edib.

Xəbər lenti