Azərbaycan sumoçularının Bakıda keçiriləcək dünya çempionatında bütün kateqoriyalarda təmsil olunacaqları planlaşdırılır.
Bu barədə "Report"a Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının baş katibi Elşad Kərimov açıqlamasında bildirib.
O, yarışın hazırlıqlarına başladıqlarını sözlərinə əlavə edib:
"İştirakçı ölkələr hər il dünya çempionatına qatılanlar olacaq. Tam dəqiq məlumat olanda ictimaiyyətə açıqlanacaq. Biz meydan sahibi kimi mövcud olan bütün kateqoriyaların hamısında iştirak etməyi planlaşdırırıq. Hazırda hansı sumoçularımızın qatılacağını deyə bilmərik. Çünki hələlik seçim mərhələsindəyik. Amma turnirdə hədəflərimiz böyük olacaq".
Baş katib yarışı yüksək səviyyədə təşkil edəcəklərini vurğulayıb:
"Azərbaycan beynəlxalq turnirlərin təşkilatçılığı ilə bağlı həmişə seçilən ölkələr sırasında yer alıb. Bakıdakı dünya çempionatı da yaddaqalan yarışlardan olacaq".
Qeyd edək ki, sumo üzrə dünya çempionatı bu il oktyabrın 17-18-də Bakı İdman Sarayında keçiriləcək.