IMG-LOGO

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

06 Apr 2026 18:22 4 baxış
IMG

Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, neft-qaz sahəsində fəaliyyət göstərən, səhmlərinin və paylarının azı 51 %-i birbaşa və yaxud dolayısi ilə dövlətə məxsus olan şəxslər üzrə mənfəət, torpaq, əmlak və əlavə dəyər vergisi, neft-qaz və digər fəaliyyətlə bağlı hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi büdcə gəlirlərinin təsnifatına daxil edilib.

Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə xüsusi müsadirə edilmiş əmlakın satışından daxilolmalar, Azərbaycan ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək məqsədilə operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün ödənişlər də büdcə gəlirlərinin təsnifatına daxil olunub.

Dövlət orqanları tərəfindən xüsusi müsadirə edilmiş, müsadirə edilmiş, sahibsiz qalmış və vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Xəbər lenti