Nazirlər Kabineti "İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları"nı təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qaydalar "Texniki tənzimləmə haqqında" qanuna uyğun hazırlanıb. İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan texniki tənzimləmənin şamil olunduğu mallara qarşı nəzarət tədbirlərini Qaydalara uyğun olaraq Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir. Sahibkarlıq sahəsində aparılan yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq həyata keçirilir.
Qaydalara əsasən, malların sınaqlarının aparılması üçün Azərbaycanda akkreditasiya edilmiş sınaq laboratoriyaları olmadıqda mal sınaqlarının aparılması məqsədilə xarici ölkələrin akkreditasiya edilmiş laboratoriyasına göndərilir.
İllik plan əsasında aparılan nəzarət tədbirləri çərçivəsində satılan (satış üçün nəzərdə tutulan) malların müvafiq sənədlərinin olmadığı müəyyən edildikdə pozuntuya yol vermiş şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür. Agentlik uyğunsuzluğun aşkar olunduğu gündən 3 iş günü ərzində uyğunsuzluğun aradan qaldırılması və müvafiq düzəldici tədbirlərin həyata keçirilməsi məqsədilə uyğunsuzluğun xüsusiyyətindən asılı olaraq 30 gündən artıq olmayan konkret müddət göstərilməklə pozuntuya yol vermiş şəxsə icrası məcburi olan yazılı göstərişlər verir. Göstəriş müəyyən olunmuş müddət ərzində icra edilmədikdə pozuntuya yol vermiş şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.
Götürülmüş mal nümunələrinin tədqiqi müvafiq sınaq metodikasında nəzərdə tutulan müddətdə aparılır. Bu müddət nəzərdə tutulmadıqda götürülmüş mal nümunələrinin sınağı bu qaydalarda göstərilən təhvil-təslim aktının rəsmiləşdirildiyi tarixdən 10 iş günündən çox olmayan müddətdə aparılır.