IMG-LOGO

Şəhriyar Əsgərov: "Quba" klubu boyundan hündürə tullana bilməzdi"

06 Apr 2026 18:08 4 baxış
IMG

"Quba" klubu cari mövsüm Azərbaycan Basketbol Liqasında bacardığından artığını edə bilməyib.

"Report" xəbər verir ki, bunu adıçəkilən kollektivin baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Şəki"yə hər iki matçda uduzaraq mübarizəni dayandırmalarından danışıb:

"Bizim üçün çempionat sanki "Naxçıvan"la oyunda bitmişdi. Həmin görüşdə qalib gəlsəydik, hər şey tamam başqa cür olardı. "Şəki" yaxşı komandadır, 7 legionerə qarşı oynamaq olduqca çətindir. Basketbolçularıma təşəkkür edirəm. Yarışı təşkil edən hər kəsə minnətdaram, oyunçulardan tutmuş hakimlərə qədər hamıya təşəkkürümü bildirirəm. Biz də əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Təəssüf ki, uğurlu nəticə qazanmaq qismət olmadı. İstəyirdik ki, "səkkizliy"ə düşək. Biz boyumuzdan hündürə tullana bilmərik, bunu bacarmadıq da. "Şəki" oyuna çox yaxşı hazırlaşmışdı, bunu görmək olurdu. Rəqib diqtə etdi".

O, yetirmələrinə təşəkkür edib:

"Oyunçu çatışmazlığı, rotasiya edə bilməməyimiz mövsüm ərzində nəticələrə təsir etdi. İstənilən halda, oynadıq, başda Zaur Paşayev olmaqla bütün basketbolçularıma minnətdaram. Veteran basketbolçumuz gözəl mövsüm keçirdi. Bu yaşda bacarığını yenə də nümayiş etdirdi. Cavan nəsilə gözəl örnək oldu. Qismət olarsa, növbəti mövsümdə yenidən görüşərik, mübarizə apararıq. Təəssüf ki, artıq mövsüm bizim üçün başa çatdı".

Qeyd edək ki, "Quba" hər iki matçda "Şəki"yə uduzub (89:101, 77:120).

Xəbər lenti