Türk dövlətlərinin xarici ticarətinin ümumi dəyəri 1,2 trilyon ABŞ dolları, onlar arasında qarşılıqlı ticarətin illik dəyəri isə təxminən 57 milyard ABŞ dollarıdır.
"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının Milli Məclisdə keçirilən "TÜRKPA üzv dövlətlərinin birgə iqtisadi fəaliyyətinin həyata keçirilməsinin reallıqları və perspektivləri" mövzusunda 13-cü iclasında Komissiyanın sədri, Qazaxıstan Parlamenti Məclisinin deputatı Anas Bakkojayev bildirib.
Bundan başqa, onun sözlərinə görə, il ərzində türk dövlətləri 2,1 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edirlər, onların dünya iqtisadiyyatındakı payı təxminən 2 % təşkil edir.
"Türk dövlətləri həm bir-birlərinə, həm də Asiya və Avropa bazarlarına ixracı artırmaq üçün böyük imkanlara malikdirlər. Onların arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, daxili ticarətin artırılması yolu ilə iqtisadi diversifikasiyanın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verməlidir. Bunun üçün lazımi addımlar atılmaqdadır. Bunlar, türk dövlətlərinin iqtisadi əməkdaşlığı üçün möhkəm hüquqi bazanın formalaşdırılması, türk dövlətlərinin əsas qəbuletmə mərkəzləri arasında qarşılıqlı əlaqənin gücləndirilməsi, Türk İnvestisiya Fondu, Türk Ticarət və Sənaye Palatası və ticarətin asanlaşdırılması komitəsi kimi institutların həyata keçirəcəyi spesifik mexanizmlərin yaradılması, Birgə iqtisadi fəaliyyəti gücləndirmək üçün konkret layihələrin həyata keçirilməsi, məsələn, Rəqəmsal İqtisadi Tərəfdaşlıq Sazişi, Turan Xüsusi İqtisadi Zonası (SEZ), "yaşıl maliyyə" üzrə işçi şurası, eləcə də Türk Patent Platformasıdır", - deyə A.Bakkojayev qeyd edib.