IMG-LOGO

Lyuk Koffi Qarabağın bərpasındakı tərəqqini heyranedici adlandırıb

07 Apr 2026 10:26 4 baxış
IMG

Azərbaycan azad edilmiş şəhərlərin bərpası və əhalinin qayıdışı sahəsində heyranedici templər nümayiş etdirir.

"Report" xəbər verir ki, bu fikri Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi "X" sosial şəbəkəsindəki hesabında Qarabağa son səfərini şərh edərkən bölüşüb.

"Mən azad edilmiş Ağdam, Xankəndi və Şuşa şəhərlərinə səfər etmək şərəfinə nail oldum - onların bərpasında inanılmaz irəliləyiş əldə olunub", - o qeyd edib.

Ekspertin sözlərinə görə, Qarabağ xüsusi təəssürat bağışlayır: "Bura tamamilə xüsusi bir yerdir".

L.Koffi xüsusi diqqəti Ağdama ayıraraq işğaldan əvvəlki dövrdə onun iqtisadi əhəmiyyətini vurğulayıb: "Birinci Qarabağ müharibəsindən əvvəl bura ölkənin cənub-qərbində ən vacib şəhərlərdən biri, iqtisadi, nəqliyyat və mədəni həyatın mərkəzi idi. Onu işğal edən ermənilər özlərindən sonra daş və dağıntılardan başqa heç nə qoymayıblar".

Onun sözlərinə görə, əhali tamamilə yurdundan didərgin salınıb, ərazi isə minalanıb və dağıdılıb.

Bununla yanaşı, Koffi hazırkı bərpa templərini qeyd edib: "Bununla belə, bu gün bərpa və köçürülmə sahəsindəki tərəqqi heyranedicidir. Möhtəşəm işlər görən yerli hökumət üzvlərinə və administrasiyaya böyük təşəkkürlər".

Xəbər lenti