IMG-LOGO

Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurla inkişaf edir - RƏY

07 Apr 2026 12:16 3 baxış
IMG

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir.

"Report" xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. O qeyd edib ki, Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub:

"Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Hazırda dövlətlərarası əlaqələr bu möhkəm təməl üzərində uğurla inkişaf edir.

Xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze arasında uzun illərə söykənən səmimi dostluq münasibətləri bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayıb. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. Hər bir səfər əlaqlərin daha da möhkəmlənməsində, yeni istiqamətlər üzrə inkişafında öz sözünü deyib. Atılan hər bir addım ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət edir".

Deputat vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri iki ölkənin münasibətlərinin dünəninin, bu gününün fonunda gələcəyi barədə aydın təsəvvür yaratdı:

"Səfər zamanı İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşü oldu, mətbuata bəyanatla çıxış etdilər. Səfərin iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev bildirdi ki, bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir.

Mətbuata bəyanatında diqqəti hazırda nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində aparılan işlərə yönəldən Prezident İlham Əliyev vurğuladı ki, Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək".

V.Rəhimzadə onu da bildirib ki, ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil, xüsusilə enerji sektoru əhəmiyyətli rol oynayır:

"Hər zaman əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsini təmin etmək üçün səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinə verdiyi önəm bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır.

Ümumilikdə, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.

Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyəli strateji tərəfdaşlıq, mehriban qonşuluq və dostluq prinsiplərinə əsaslanır. Siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində uğurla inkişaf edən əlaqələr regional sabitliyin və təhlükəsizliyin əsas təminatçılarındandır".

Xəbər lenti