Çin-Özbəkistan arxeoloji qrupu İpək Yolu boyunca yerləşən və 3000 il yaşı olan, çoxlu artefaktlarla zəngin bir şəhər aşkar edib. Bu kəşf Mərkəzi Asiyada erkən dəmir dövrü şəhərləri haqqında yeni təsəvvür yaradır.
Lent.az xəbər verir ki, 1969-cu ildə aşkarlanan və təxminən 10 kv. km ərazini əhatə edən geniş Bandixon II arxeoloji kompleksi Bandixon vahəsində yerləşir.
Özbəkistanın cənubundakı Surxondərya regionu çoxsaylı qədim kurqanları ilə əsl xəzinə kimi tanınır. Yalnız bu yaxınlarda, 2023-cü ildə tədqiqat qrupu İpək Yolunun mühüm qovşaqlarından biri olmuş Bandixon II-də qazıntılara başlayıb. Qazıntılar zamanı arxeoloqlar şərq divarının qalıqlarını, çoxsaylı tikililəri və bir-biri ilə əlaqəli otaqları, həmçinin çoxlu sayda artefakt aşkar ediblər.
Bu tapıntılar tədqiqatçılara şəhəri Yaz mədəniyyətinə aid etməyə imkan verib və onun qədim Baktriyadakı rolunu daha yaxşı anlamağa şərait yaradıb. Hazırda qədim Baktriya dövlətinin bu böyük şəhər mərkəzinin yalnız bir hissəsi qazılıb. Lakin əldə olunan məlumatlar “Mərkəzi Asiyanın cənub hissəsində erkən dəmir dövrü şəhər-dövlətlərinin forması və şəhər planlaşdırmasının tunc dövründən erkən dəmir dövrünə qədər təkamülünü anlamaq üçün” əsaslı sübutlar təqdim edir.
Yaxşı qorunmuş şərq divarı trapetsiya formalı kəsiyə malikdir və istifadə olunmuş tikinti üsullarını nümayiş etdirir. Şəhər daxilində gündəlik həyata dair ətraflı sübutlar, o cümlədən bir-biri ilə əlaqəli beş otaq aşkar edilib. Tapılan artefaktlar arasında keramika fraqmentləri, o cümlədən qabırğalı küplər, kasalar və düz dibli qablar da var. Bu əşyaların forması və bəzəkləri Kucuktəpə və Yaztəpə kimi digər Yaz mədəniyyəti abidələrində tapılanlarla üst-üstə düşür. Bu da bu inkişaf etmiş şəhər mərkəzini kimin qurduğunu müəyyən etməyə imkan verir.
Bandixon II bu abidələrlə struktur baxımından oxşarlıqlar göstərsə də, eyni zamanda nəzərəçarpacaq fərqlərə də malikdir. Xüsusilə də xarici divarlar boyunca yarımdairəvi müdafiə qüllələrinin olmaması ilə seçilir.
Özbəkistan İpək Yolu qədim şəhərlər arxeoloji qazıntılar