Paris gərginliyin artması şəraitində dünyada mülki infrastruktura yönəlmiş istənilən zərbələrə qarşıdır.
"Report"un məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro "France Info"ya müsahibəsində deyib.
O, ABŞ Prezidenti Donald Trampın İrana ünvanladığı ultimatumlar və mümkün təhdidlər barədə xəbərləri şərh edərkən bildirib ki, bu cür ritorika mövcud siyasi kontekstdə yeni deyil. Barro vurğulayıb ki, Fransa ardıcıl olaraq əhalinin həyat fəaliyyətini təmin edən infrastruktur da daxil olmaqla mülki obyektlərə yönəlmiş istənilən zərbələrə qarşıdır.
"Biz artıq yanacaq qiymətlərinin sürətlə artmasını müşahidə edirik. Əgər hücumun hədəfi İranın enerji infrastrukturu olarsa, İran rejiminin cavab tədbirləri gözləniləndir ki, bu da vəziyyəti daha da ağırlaşdıracaq", - o bildirib.
Hörmüz boğazı məsələsinə toxunan nazir onun qlobal neft və qaz tədarükündə strateji əhəmiyyətini vurğulayıb. Nazirin sözlərinə görə, Fransa Böyük Britaniya da daxil olmaqla bir sıra tərəfdaşlarla birlikdə regionda gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq missiya yaradılmasının mümkünlüyünü nəzərdən keçirir.
Barro Qırmızı dənizdə hərbi gəmilərin ticarət gəmilərini müşayiət etdiyi Avropa əməliyyatını nümunə gətirib və qeyd edib ki, analoji mexanizm region ölkələri ilə əlaqələndirilməklə Hörmüz boğazında da tətbiq oluna bilər.