Azərbaycan Mərkəzi Bankı (AMB) qiymətli kağızlar bazarının iştirakçılarına xəbərdarlıq edib.
"Report"un məlumatına görə, qurumun açıqlamasında deyilir ki, "Qiymətli kağızlar bazarı haqqında" qanuna müvafiq olaraq səhmdar cəmiyyətinin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanaraq (qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla) onun səhmdarlarının ümumi yığıncağı tərəfindən təsdiq edilir.
Hesabatlar həmin tarixdən etibarən on iş günündən gec olmayaraq AMB-yə təqdim olunur. Hesabatın açıqlanmasının dayandırılması haqqında göstəriş verilmədikdə səhmdar cəmiyyəti təqdim etdiyi tarixdən etibarən otuz təqvim günü ərzində illik hesabatını öz internet səhifəsində (olduqda) və mediada açıqlanmasını təmin etməlidir.
Qanunvericiliyin tələblərinə əsasən emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır.
Səhmdar cəmiyyətləri cari il üzrə sahibkarlıq fəaliyyətini dayandırdığı halda bu barədə səhmdar cəmiyyətinin ümumi yığıncağının qərarı və Vergi Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilmiş arayış əlavə olunmaqla AMB-yə məlumat verilməsi tövsiyə olunur.
Qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində illik hesabatlarını təqdim etməyən səhmdar cəmiyyətlərinə xəbərdarlıq məktubları göndərilir. Sözügedən illik hesabatların təqdim edilməsi və açıqlanması təmin olunmadıqda qeyd olunan hərəkətsizliyə (qanun pozuntusuna) görə emitentlər İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlar nəzərə alınaraq səhmdar cəmiyyətləri tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmalıdır.
Mövzu ilə bağlı əlavə suallar yarandığı təqdirdə Mərkəzi Bankın 966 "Çağrı Mərkəzi" ilə əlaqə saxlanıla bilər.