"Gəncə" basketbol komandası mövsümü ən yaxşı yerdə bitirmək istəyir.
"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Türkiyəli mütəxəssis "Lənkəran"ı 101:77 hesabı ilə üstələdikləri Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunundan sonra fikirlərini bölüşüb:
"Növbəti rəqibimiz "Ordu"dur. Oyun-oyun düşünüb, addım-addım hədəfimizə doğru irəliləyəcəyik. Mövsümü ən yaxşı yerdə bitirmək istəyirik".
H.Atlı bugünkü qarşılaşmadan sonra rəqibi də təbrik edib:
"Xüsusən də baş məşqçi Georgi Kondruseviçi təbrik etməliyəm. Bilirəm ki, iki mövsümdür ağır şərtlər altında iş görməyə çalışır. Sıxıntılı dövrlərdən keçdilər. Buna baxmayaraq, komanda bura qədər gəlib çıxdı. Onlar üçün mövsüm tamamlandı. Biz yolumuza davam edirik. Oyunda bütün rotasiyamızdan istifadə etməyə çalışdıq. Hamı qələbədə pay sahibi oldu, xoşbəxtəm".
Xatırladaq ki, komandalar arasında ilk görüşdə də "Gəncə" rəqibini üstələmişdi - 91:55.