İsrail Müdafiə Ordusu "Hizbullah" qruplaşmasının qüvvələrinə qarşı hazırlanan hücumla əlaqədar Livanın cənub sahillərindəki gəmiləri şimala doğru üzməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə İsrail KİV-i ordunun rəsmi nümayəndəsi Avixay Edrinin bəyanatına istinadən məlumat yayıb.
""Hizbullah"ın fəaliyyəti Tir və Rəs-ən-Nakura arasındakı dəniz zonasında gəmiləri təhlükəyə atır, bu da İsrail ordusunu dəniz akvatoriyasında ona qarşı hərəkətə keçməyə məcbur edir", - rəsmi nümayəndə bildirib.
O vurğulayıb ki, xəritədə qeyd olunan dəniz zonasında lövbər salmış və ya üzməkdə olan bütün gəmilər dərhal şimala doğru hərəkət etməlidir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bəzi dövlətləri hava məkanını müvəqqəti bağlayıb.
"Hizbullah" İsraili raketlər və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İranın tərəfində müharibəyə qoşulduqdan sonra, İsrail ordusu radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Livanın cənubuna və Beyrutun cənub ətraflarına zərbələr endirib və endirməyə davam edir. İsrail, həmçinin Livanın cənubundakı quru əməliyyatını genişləndirib.