Aprelin 7-də Ədliyyə Akademiyasında yeni təyin edilən hakimlər üçün təşkil edilən icbari tədris çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov tərəfindən "Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu" mövzusu tədris olunub.
Bu barədə "Report"a Vəkillər Kollegiyasından məlumat verilib.
Kollegiya sədri son illər VK-da həyata keçirilən islahatlar, vəkillik institutunun inkişaf istiqamətləri və qarşıda duran mühüm hədəflər barədə ətraflı məlumat verib.
Anar Bağırov icbari tədrisin əhəmiyyətinə toxunaraq, hakimlərin peşə fəaliyyətində nəzəri biliklərin davamlı şəkildə artırılmasının, praktiki bacarıqların inkişaf etdirilməsinin və beynəlxalq təcrübənin mənimsənilməsinin vacibliyini vurğulayıb.
Həmçinin sədr son illərdə vəkillərin sayında müşahidə olunan artımı diqqətə çatdıraraq bildirib ki, vəkillik institutu artıq məhkəmə hakimiyyəti üçün mühüm və etibarlı kadr mənbəyinə çevrilib. Anar Bağırov məhkəmə sistemində təmsil olunan keçmiş vəkillərin öz bilik və təcrübələri ilə məhkəmə-hüquq islahatlarına mühüm töhfə verəcəklərinə əminliyini ifadə edib.
Bununla yanaşı, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş son dəyişikliklərə toxunan sədr qeyd edib ki, həmin yeniliklər vəkillik institutunun institusional əsaslarının daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin səmərəli, çevik və müasir tələblərə uyğun təşkilinə xidmət edir.
Tədris çərçivəsində qeyri-prosessual münasibətlərə yol verilməməsi, etik davranış qaydalarına riayət olunması, eləcə də hakim-vəkil münasibətlərinin etik aspektləri ətraflı şəkildə izah edilib. Eyni zamanda vəkillik institutunun hüquq sistemindəki yeri, məhkəmə sistemi ilə qarşılıqlı münasibətlərin prinsipləri və etik normaların praktiki tətbiqi barədə geniş məlumat təqdim edilib.

