IMG-LOGO

Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin açıq məşqi keçirilib

07 Apr 2026 21:52 8 baxış
IMG

Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin açıq məşqi keçirilib.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında baş tutan hazırlıq prosesini milli komanda üzvlərinin şəxsi məşqçiləri və federasiya rəsmiləri canlı izləyib.

Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında keçirilən məşqdə daha çox taktiki-texniki çalışmalara üstünlük verilib. Şəxsi məşqçilər belə açıq məşqlərin faydalı olduğunu bildiriblər və gələcəkdə bunun ənənəvi hal almasını diləyiblər.

Rafiq Hüseynov toplanışın gedişi, açıq məşq və qarşıdakı hədəflərlə bağlı bunları deyib:

"Özbəkistanda 10 günlük təlim-məşq toplanışı keçdik. "Zəfər kuboku" turniri öncəsi bizim üçün önəmli bir hazırlıq idi. Özbəkistan millisi U-17 yaş qrupunda dünyada sayılıb-seçilən yığmalardandır. Onların tərkibində dünya və Asiya çempionu olan bir neçə güləşçi var. Ona görə orada toplanış keçmək bizim üçün vacib idi. Həmin hazırlıq prosesində aşkarladığımız səhvlər üzərində işləyirik. Komanda optimal vəziyyətdədir. Ümid edirəm ki, bu məşqlərin bəhrəsini Türkiyədəki yarışda görəcəyik".

Mütəxəssis açıq məşq keçirməklərinin səbəbini bu cür izah edib:

"Açıq məşq keçirməyimizin məqsədi odur ki, şəxsi məşqçilər öz tələbələrinin hazırlıq səviyyəsini izləsinlər. Toplanışlar zamanı bəzən 4-5 gün idmançılara istirahət veririk ki, şəxsi məşqçilərinin yanında olub, səhvləri üzərində işləyə bilsinlər. Klub və cəmiyyətlərdə iş yüksək səviyyədə gedəndə milli komanda məşqçilərinin də işi yüngülləşir. Bununla da potensiallı idmançıları əldə etmiş oluruq. Olimpiya Oyunlarına gedən yol bu yeniyetmələrdən başlayır. Ümid edirik ki, 2032-ci ildə baş tutacaq Olimpiya Oyunlarında nəticələri bu yeniyetmələrdən görəcəyik, eləcə də sonrakı illərdə də. Güləş federasiyasının rəhbərliyi məşqimizi izlədi. Həm inventarla, həm də maddi baxımdan çox dəstək olurlar. Ümumən hər şey yüksək səviyyədədir. Bu dayaq bizə gələcək yarışlarda uğurlu çıxış etmək üçün bir növ təkan olacaq".

Qeyd edək ki, "Zəfər kuboku" aprelin 12-dən 14-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.

Xəbər lenti