IMG-LOGO

Güclü yağışların fəsadlarını aradan qaldıran Dağıstan təbii fəlakətin üçüncü dalğasına hazırlaşır

08 Apr 2026 21:51 3 baxış
IMG

Dağıstanda son onilliklərin, medianın məlumatına görə isə 100 ilin ən güclü daşqının fəsadları ilə mübarizə davam edir.

"Report" xəbər verir ki, ilkin qiymətləndirmələrə görə, güclü yağışlar nəticəsində təxminən 15,5 min nəfər zərər çəkib.

Martın 27–29-da yağan leysan yağışlarının ilk dalğası çaylarda suyun səviyyəsinin kəskin artmasına və bir sıra rayonlarda subasmalara səbəb olub. Xasavyurdda dəmiryol körpüsünün aşırımları çöküb, Mahaçqala və Dərbənddə yaşayış evləri və yollar su altında qalıb, on minlərlə insan işıqsız qalıb. Su axınları avtomobilləri yuyub aparıb, təcili xidmətlər gücləndirilmiş iş rejiminə keçib.

Vəziyyəti daha da ağırlaşdıran 4-5 apreldəki yeni yağıntı dalğası olub. Dərbənddə Qecux su anbarının bəndinin dağılması yaşayış məntəqələrinin su altında qalmasına səbəb olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, 4 mindən çox insan təxliyə edilib.

Daşqınların ikinci dalğası aprelin 6-da qeydə alınıb: Mahaçqalada torpağın yuyulması səbəbindən yaşayış binasının bir hissəsi uçub, bir sıra rayonlarda sürüşmələr baş verib. 2 mindən çox ev su altında qalıb, yüzlərlə insan müvəqqəti yaşayış məntəqələrinə yerləşdirilib.

Aprelin 7-də regionda fövqəladə vəziyyət rejimi tətbiq edilib. FHN rəhbəri Aleksandr Kurenkov Rusiya Prezidenti Vladimir Putinə vəziyyət barədə məruzə edib. Aprelin 8-də dövlət başçısının tapşırığı ilə baş nazir Mixail Mişustin daşqınların fəsadlarının aradan qaldırılması üzrə hökumət komissiyası yaradıb. Fəlakət zonasında 1,5 milyona qədər insan qalmışdı.

Son məlumatlara görə, uşaqlar da daxil olmaqla, azı 6 nəfər ölüb, 2 mindən çox ev su altında qalıb, 6 mindən çox sakin təxliyə edilib. İlkin qiymətləndirmələrə görə, dəyən ziyan 1 milyard rublu (12,7 milyon dolları) ötür.

Paralel olaraq baş verənlərin səbəblərinin araşdırılmasına başlanılıb. Region rəhbəri Sergey Melikov bildirib ki, ciddi fəsadlar böyük ölçüdə təbiəti mühafizə zonalarındakı xaotik tikintilərlə bağlıdır. O, cavabdeh şəxslərə qarşı tədbir görüləcəyinə söz verib.

Eyni zamanda, Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov yeni təhlükə barədə xəbərdarlıq edib: aprelin 11-də regionda daşqınların üçüncü dalğası gözlənilir. Dağlıq rayonlarda güclü yağışlar proqnozlaşdırılır, Çeçenistan və İnquşetiyada isə aprelin 10-u üçün tufan xəbərdarlığı elan edilib, güclü yağıntı gözlənilir, bu da Terek çayında suyun səviyyəsinin qalxmasına və ardınca suyun Dağıstana axmasına səbəb olacaq. Təbii fəlakətin ehtimal olunan yeni zərbəsinin fəsadlarını minimuma endirmək üçün hakimiyyət orqanları qoruyucu tədbirləri gücləndirir və çayların ən zəif sahələrini möhkəmləndirir.

Xəbər lenti