ABŞ Vitse-prezidenti Cey Di Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner İslamabadda İran nümayəndə heyəti ilə danışıqlara yollanacaqlar.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün brifinqdə bildirib.
"Prezident (ABŞ Prezidenti Donald Tramp - red.) bu həftəsonu danışıqlar aparmaq üçün İslamabada ABŞ-nin Vitse-prezidenti Cey Di Vens, xüsusi elçi Uitkoff və sahibkar Kuşnerin rəhbərlik etdiyi danışıqlar qrupunu göndərir", - o deyib.
Levittin sözlərinə görə, bu danışıqların ilk raundu şənbə günü, yerli vaxtla səhər keçiriləcək.
Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran nümayəndə heyətlərini aprelin 10-da ölkə paytaxtında danışıqlar aparmağa dəvət edib.