IMG-LOGO

"Hizbullah" İsrailin hücumlarına qarşılıq verib

09 Apr 2026 06:27 4 baxış
IMG

Livan İslam Müqaviməti ("Hizbullah") İsrailin bu ölkəyə endirdiyi zərbələrə cavab olaraq hərəkətə keçib.

"Report"un "Mehr" Xəbər Agentliyinə istinadən məlumatına görə, müqavimət bununla bağlı bəyanat yayıb.

Müqavimətin atəşkəsə sadiq qaldığı diqqətə çatdırılan bəyanatda "Livanı və xalqını müdafiə etmək üçün", həmçinin düşmənin atəşkəs razılaşmasını pozmasına cavab olaraq Əl-Manara qəsəbəsinin raket atəşinə tutulduğu bildirilib.

"Bu cavab tədbirləri İsrail-Amerika təcavüzü ölkəmizə və xalqımıza qarşı dayandırılana qədər davam edəcək", - bəyanatda qeyd edilib.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

İsrail isə mövcud atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək bu ölkəyə zərbələr endirib. Nəticədə 254 nəfər həlak olub. Daha sonra İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf bəyan edib ki, Livanda atəşkəsin əldə olunması planın birinci şərti idi.

Xəbər lenti