IMG-LOGO

"Reuters": ABŞ Senatında Trampın hərbi səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdən keçirilir

09 Apr 2026 07:58 4 baxış
IMG

Amerika senatorları gələn həftə İranla hərbi qarşıdurmanın başa çatdırılmasına yönəlmiş qətnaməni təsdiqləmək üçün növbəti dəfə cəhd edəcəklər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkda keçirilən mətbuat konfransında Konqresin yuxarı palatasındakı demokratların lideri Çak Şumer bildirib.

Onun sözlərinə görə, Demokratik Partiyanın nümayəndələri həmçinin Ağ Evin rəhbəri Donald Trampın hər hansı gələcək hərbi əməliyyatları həyata keçirməzdən əvvəl konqresin razılığını almasının məcburi olmasını istəyirlər.

Şumer İranla silahlı qarşıdurmanı tənqid edərək bildirib ki, bu, İran rəhbərliyinin zəifləməsinə gətirib çıxarmayıb və Tehranın nüvə proqramını dayandırmayıb, lakin dünya üzrə enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb olub.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

İsrail isə mövcud atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək bu ölkəyə zərbələr endirib. Nəticədə 254 nəfər həlak olub. Daha sonra İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf bəyan edib ki, Livanda atəşkəsin əldə olunması planın birinci şərti idi.

Xəbər lenti