IMG-LOGO

Türkiyə MN: C-130-un "qara qutu"su hadisəni tam aydınlaşdıracaq məlumatları qeydə almayıb

09 Apr 2026 11:34 5 baxış
IMG

Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) Gürcüstan ərazisində qəzaya uğrayan C-130 təyyarəsinin qeyd cihazında ("qara qutu"sunda) hadisəni tam aydınlaşdıracaq məlumatların qeydə alınmadığını bəyan edib.

"Report" xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.

Qeyd olunub ki, təyyarənin quyruq hissəsinin gövdədən ayrılması nəticəsində FDR-ə (təyyarədə uçuşla bağlı bütün texniki məlumatları qeydə alan qurğu - red.) aid enerji və məlumat kabelləri qopub və qeydiyyat bu səbəbdən dayandırılıb.

Buna görə də qeyd cihazında qəzanı tam aydınlaşdıracaq əlavə məlumatların olmadığı müəyyənləşib.

Həmçinin, təyyarənin mühərrikləri və pərləri üzərində aparılan detallı araşdırmalar nəticəsində onların qəza anına qədər problemsiz işlədiyi müəyyən edilib. Pərlərin qopması nəticəsində təyyarə gövdəsinin zədələnməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.

Məlumatda qəzanın mümkün səbəbi kimi qanadın yuxarı hissəsində yerləşən oxlardan birinin və içində karbon dioksid qazı olan butulkanın yerindən çıxaraq təyyarənin quyruq və gövdə hissəsinə toxunması göstərilib. Belə ki, bu toqquşmanın təsiri ilə şaquli və üfüqi stabilləşdirici sistemə zərər dəydiyi və bununla da, təyyarənin qəzaya uğraması ehtimal edilir.

Xatırladaq ki, 2025-ci il noyabrın 11-də Azərbaycanın Gəncə şəhərindən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkarlanıb. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.

Xəbər lenti