Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun əsas məqsədi Olimpiya çempionu olmaqdır.
"Report" xəbər verir ki, idmançı bunu Milli Olimpiya Komitəsində medal təqdimatı mərasimində deyib.
Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı gümüş medalın karyerasındakı ən yüksək zirvələrdən biri olduğunu söyləyən Q.Maqamedov bu uğurla kifayətlənmək niyyətində deyil:
"Yay Olimpiya Oyunlarının gümüş medalı maksimum nəticə deyil, maksimum qızıldır. Final döyüşündə iştirak etmək mənə anlatdı ki, qələbənin bir addımlığında olmuşam, deməli, qızıl qazanmağa qadirəm. Əsas məqsədim Olimpiya çempionu olmaqdır. Bununla belə, qarşıdan gələn Avropa və dünya çempionatlarını da diqqətdən kənarda qoymaq olmaz. İdmanda qazanıla biləcək bütün titullara sahib çıxmaq istəyirəm".
Hazırlığın yüksək səviyyədə davam etdiyini vurğulayan taekvondoçu bir aydan sonra keçiriləcək Avropa çempionatına ciddi köklənib:
"Məşqlər əla keçir, hazırda təlim-məşq toplanışındayıq. Yaxşı forma yığmağa çalışırıq. Medal məsələsini işıqlandırdıqları üçün jurnalistlərə təşəkkür edirəm. Sizin sayənizdə bu məsələ dünya ictimaiyyətinə çatdırıldı".
Dünya çempionatının Olimpiya Oyunlarından daha çətin keçməsinə toxunan taekvondoçu bunu iştirakçı sayı ilə əlaqələndirib:
"Olimpiadada 16 nəfər olur və biz aylarla konkret rəqiblərə qarşı hazırlaşırıq. Dünya çempionatında isə 128 ölkə təmsil olunur, altı döyüş keçirməlisən. Qarşına kimin çıxacağını əvvəlcədən dəqiq bilmirsən, ona görə də hər kəsə fərdi yanaşma tapmaq çətin olur. Yerindəcə qələbənin açarını axtarmalı olursan".
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedov (97 kq) istisna olmaqla, cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.