Hazırda dünyada baş verən müharibələrdən fərqli olaraq Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəsində düşünülmüş və bir-birini tamamlayan strategiyanın rolu böyükdür.
Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli deyib.
Onun sözlərinə görə, hazırda istər Rusiya-Ukrayna müharibəsi, istərsə də ABŞ-İsrail-İran müharibəsi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır:
"Bu münaqişələr, müharibələr qeyri-müəyyənlikləri ilə seçilir. Hazırda bu proseslərlə bağlı dəqiq proqnoz vermək qeyri-mümkündür".
Mətin Məmmədli hesab edir ki, belə münaqişələrdən fərqli olaraq, 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı Azərbaycanın qısa müddətdə əldə etdiyi mütləq qələbə Ermənistanın uzun illik işğalına son qoyub:
"Bu, təbii ki, Azərbaycanın tarixi uğurdur və bu uğurda ilk növbədə, Azərbaycan Prezidentinin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü xarici və daxili siyasətin, xüsusilə müdafiə strategiyasının rolu böyükdür".
O deyib ki, Azərbaycanın tarixi qələbəsində iki amili qeyd etmək lazımdır:
"Birincisi, ölkənin müdafiə strategiyası, digəri ölkənin xarici siyasəti. Yəni rasional, düşünülmüş, milli maraqlara əsaslanan müdafiə və xarici siyasət strategiyaları Azərbaycanda tarixi uğurun əldə olunmasında əsas rol oynayıb. Bu strategiyalar bir-birini tamamlayıb".
BMTM nümayəndəsi əlavə edib ki, əgər bu strategiyaların birində əskiklik olsaydı, tarixi qələbə əldə edilə bilməzdi:
"Azərbaycanda isə hər iki strategiya bir-birini tamamladı. Nəticədə biz ən böyük milli təhlükəsizlik problemimizi həll etməyi bacardıq".

