Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.
Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.
Dövlət başçıları İranla ABŞ arasındakı atəşkəsi və bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Ərdoğan Türkiyənin bir sıra ölkələrlə birlikdə atəşkəsə aparan prosesdə çox səy göstərdiyini bildirib.
Türkiyə lideri bir neçə gündən sonra başlayacaq danışıqların davamlı sülh və sabitlik üçün maksimum dərəcədə istifadə olunmasının vacibliyini qeyd edib. O, Türkiyənin yeni prosesdə dost ölkələrlə birlikdə hər cür töhfə verməyə hazır olduğunu vurğulayıb.
Ərdoğan həmçinin İran xalqının itkiləri ilə bağlı həmkarına başsağlığı verib. O, Türkiyənin hədəfinin regionda yeni sağlam düşüncə və dialoq mühiti yaratmaq olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran bildirib ki, bu müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçid ölkənin Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla təmin ediləcək.