IMG-LOGO

Bəqai: Danışıqların keçirilməsi ABŞ-nin atəşkəs şərtlərinə əməl etməsindən asılıdır

09 Apr 2026 23:31 5 baxış
IMG

ABŞ və İran arasında Pakistanda danışıqların keçirilməsi birbaşa Vaşinqtonun iki həftəlik atəşkəs çərçivəsində öz şərtlərini yerinə yetirməsindən asılıdır.

"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai bildirib.

"Pakistan hökuməti İslamabadda danışıqlar aparmağa çağırıb. Bu məsələ nəzərdən keçirilmə və planlaşdırma mərhələsindədir. Lakin, şübhəsiz ki, istənilən danışıqların keçirilməsi ABŞ-nin bütün istiqamətlərdə atəşkəs rejiminə riayət etmək öhdəliklərini yerinə yetirməsinə dair zəmanət alınmasından asılıdır", - İran XİN-in "Telegram" kanalındakı bəyanatında bildirilib.

Bəqai vurğulayıb ki, Livanda müharibənin dayandırılması Pakistanın təklif etdiyi atəşkəs razılaşmasının ayrılmaz hissəsidir və ABŞ bütün cəbhələrdə, o cümlədən Livanda müharibəni dayandırmaq öhdəliyini üzərinə götürüb. Onun sözlərinə görə, bu kontekstdə istənilən əks hərəkətlər Tehran tərəfindən Vaşinqtonun atəşkəsi pozması kimi qiymətləndiriləcək.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Xəbər lenti