Azərbaycan Mərkəzi Bankının lisenziyasının qüvvəsini məhdudlaşdırdığı "Atasığorta" ASC istisna olmaqla ölkədə fəaliyyət göstərən 15 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 milyard 924,883 milyon manat təşkil edib.
"Report" xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 3,4 % çoxdur.
2025-ci ildə sığortaçılardan 10-u aktivlərini artırıb, 5-i azaldıb.
Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 14,5 % azalaraq 843,7 milyon manat, məcmu qısamüddətli aktivləri isə 23,6 % artaraq 1 milyard 81,183 milyon manat olub. 4 şirkət uzunmüddətli aktivlərini, 13 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.
Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 3,5 % artaraq 1 milyard 400,563 milyon manat təşkil edib. Sığortaçılardan 9-da öhdəliklər artıb, 6-da isə azalıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 5,2 % artaraq 1 milyard 294,305 milyon manat, məcmu qısamüddətli öhdəlikləri isə 13,9 % azalaraq 106,258 milyon manat olub. 9 şirkət uzunmüddətli öhdəliklərini, 9 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.
Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 3,3 % artaraq 524,32 milyon manata çatıb, məcmu nizamnamə kapitalı dəyişməyərək 284,54 milyon manat qalıb. Bazar iştirakçılarından 9-u balans kapitalını artırıb.