IMG-LOGO

İçərişəhərdə qala divarında qismən dağılmanın bərpasına Avstriyadan mütəxəssislər cəlb olunub

10 Apr 2026 12:43 3 baxış
IMG

İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş aşınmanın bərpasına Avstriyadan mütəxəssislər cəlb olunub.

"Report" xəbər verir ki, bunu "AzTV"-yə müsahibəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin üzvü Aytac Əlisultanlı deyib.

A.Əlisultanlı onu da qeyd edib ki, mütəxəssislər İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində də uğurla fəaliyyət göstəriblər:

"Xarici memarlar İçərişəhər ərazisində illər ərzində tarixi memarlıq abidələrinin bərpası istiqamətində fəaliyyət göstəriblər. Həmin tikililərə həm ölkə, həm də dünya üçün əhəmiyyətli abidələr aiddir".

Onun sözlərinə görə, ilkin nəticələrin aradan qaldırılması üçün hazırda müvəqqəti möhkəmləndirilmə işləri aparılır:

"Bu işlər bir neçə günə yekunlaşacaq. Növbəti mərhələdə texniki və mühəndislik, eləcə də tarixi qiymətləndirmə aparılacaq. Bu işlərdən sonra isə əsaslı bərpa-konservasiya işlərinə başlanılacaq. Son mərhələ inşaatda ən çox vaxt tələb edən iş olduğuna görə, proses bir neçə ilə qədər çəkə bilər".

Xatırladaq ki, aprelin 9-da Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib. Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii eroziya prosesləridir.

Xəbər lenti