İnsanlar süni intellektin dalınca düşməməli, onun qarşısında olmalıdırlar.
"Report"xəbər verir ki, bunu Misir Prezident Şurasının Təhsil Komitəsinin sədri Hanan Xalifa Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş "Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
O bildirib ki, burada ən vacib məsələ düzgün sualı verməkdir: "Lakin bu vasitələrdən istifadə etsək belə, istər təqdimatlar, istərsə çıxış mətnlərinin hazırlanmasında biz tənqidi düşüncəmizi qorumalıyıq. Verilən məlumatları mütləq araşdırmalı, yenidən yoxlamalı və özümüzə xatırlatmalıyıq ki, əlavə tədqiqat vacibdir. Eyni zamanda, tələbələrimizə də öyrətməliyik ki, onlar bu vasitələrdən kor-koranə istifadə etməsinlər".
H.Xalifa qeyd edib ki, süni intellekt tərəfindən yaradılmış nəticələri valideynlərə və ictimaiyyətə onların anlayacağı şəkildə izah edə bilmək də çox önəmlidir: "İnsanlar bu nəticələri sadəcə eşitməməli, həm də mahiyyətini dərk etməlidirlər. Adətən qiymətləndirmə işi mütəxəssislər tərəfindən aparılır. Yəni, hansı sahə olursa-olsun, bunu həmin sahənin peşəkarları həyata keçirir. Lakin nəticələri ümumi auditoriyanın başa düşəcəyi dildə təqdim etmək lazımdır. Həmçinin, etikaya xüsusi diqqət yetirilməlidir".