ABŞ Meksika ilə sərhəddə dronlara qarşı lazer sistemindən istifadə etmək niyyətindədir.
"Repor"t xəbər verir ki, bu barədə ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FMAİ) və Pentaqon məlumat yayıb.
Məlumata görə, tərəflər hökumətə cənub sərhədində pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə üçün yüksək enerjili lazer sistemini tətbiq etməyə imkan verən saziş imzalayıblar.
Qeyd olunur ki, daha əvvəl FMAİ Nyu-Meksiko ştatında sistemin sınaqlarını keçirib. Yoxlamanın yekunlarına əsasən, nəzərdə tutulan təhlükəsizlik tədbirlərinin tələblərə uyğun olduğu və sərnişin aviasiyası üçün həddindən artıq risk yaratmadığı təsdiqlənib.
Sınaq zamanı Pentaqon və ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən tətbiq edilən lazer sistemindən istifadə olunub.