IMG-LOGO

Yeni Zelandiya sakinləri "Vaianu" siklonuna görə təxliyə olunur

11 Apr 2026 07:51 3 baxış
IMG

Yeni Zelandiyada "Vaianu" siklonunun yaxınlaşması səbəbindən sakinlərin təcili təxliyəsinə başlanılıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, daşqın, sürüşmə və güclü fırtına təhlükəsi ilə əlaqədar ölkənin Şimal adasında minlərlə insana evlərini tərk etmək barədə göstəriş verilib.

Milli Meteorologiya Xidmətinin məlumatına görə, leysan yağışları və sürəti saatda 130 km-ə çatan küləklə müşayiət olunan siklonun bazar günü çatacağı gözlənilir. Sonra o, ucqar Çatem adalarından qərbə istiqamətlənəcək.

Bir sıra regionlarda artıq fövqəladə vəziyyət rejimi elan edilib. Hakimiyyət orqanları ölkənin paytaxtı Vellinqtondan təxminən 430 km şimalda yerləşən Uakatane şəhərinin bəzi rayonlarında təxliyə barədə sərəncam verib.

Uakatane bələdiyyəsi sakinləri evlərini ən azı iki gün müddətinə tərk etməyə hazır olmağa çağırıblar. Yerli hakimiyyət orqanlarının hesablamalarına görə, sahil zonalarında sürüşmələr, fırtına qabarmaları, hündürlüyü 13 metrə çatan dalğalar və subasmalar mümkündür.

Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson daha əvvəl siklonun ciddi ziyan vura biləcəyi barədə xəbərdarlıq edib və əhalini əvvəlcədən hazırlaşmağa, o cümlədən drenajları təmizləməyə, qonşuların vəziyyətini yoxlamağa və elektrik enerjisi təchizatındakı fasilələrə hazır olmağa çağırıb.

"Vaianu"nun yaxınlaşması 2023-cü ildə Yeni Zelandiyaya zərbə vuran "Gabrielle" siklonu qədər narahatlıq yaradır. O zaman 11 nəfər həlak olub, minlərlə sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Xəbər lenti