ABŞ və İran arasında Pakistanda keçirilən danışıqlar Hörmüz boğazına nəzarət məsələsinə görə dalana dirənib.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Mənbələrin sözlərinə görə, boğazın işinin bərpası məsələsinin müzakirəsi əsas əngəl olaraq qalır. Xüsusilə İran su yolu üzərindəki nəzarətini qoruyub saxlamaqda və oradan keçən gəmilərdən ödəniş almaqda təkid edir.
Bundan əlavə, ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf ilə yüksək səviyyəli görüşünə baxmayaraq, iranlı müzakirəçilər "birgə nəzarət" ideyalarından imtina edirlər.
Qeyd edək ki, İslamabadda ABŞ, İran və Pakistan arasında gündüz başlayan danışıqlar həmin günün axşamı da davam edib. Bir sıra İran KİV-ləri yazıb ki, Vaşinqton tərəfindən irəli sürülən tələblər danışıqların nəticəliliyinə mane olur.
Bu həftənin əvvəlində ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması müqabilində İranla iki həftəlik atəşkəsə razılaşıb.