"PAŞA Bank" ASC-nin hansısa xarici ölkədəki bankdan pay alması məsələsi 2027-2029-cu illər inkişaf strategiyasının formalaşdırılmasından sonra təsisçilər və Müşahidə Şurası ilə müzakirə olunacaq.
Bunu "Report"a açıqlamasında "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bidirib.
"Bu günə elə bir qərarımız yoxdur. Hazırda 2027-29-cu illər üzrə inkişaf strategiyasının formalaşdırılması ilə məşğuluq. Bu kimi strateji qərarlara onda baxılacaq. Bizim Gürcüstanda filialımız var və eyni zamanda Türkiyədə asılı müəssisəmiz fəaliyyət göstərir. Hələ ki, ölkədən kənara inkişaf barədə qərarlaşmamışıq. Biz hələ ki, baxırıq görək üstünlüklərimiz və gücümüz nədir? Onlardan istifadə edib harada daha çox faydalana bilərik? Xarici bankdan pay almaq məsələsi strategiyamız formalaşdıqca müzakirə oluna bilər. Bu məsələ yaxın 6 ayda bitəcək", - deyə o qeyd edib.