Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri iki ölkə münasibətlərindəki sülh gündəliyinə töhfə verir.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Şurası Analitik Mərkəzinin prezidenti və "Sülh körpüsü" təşəbbüsünün əlaqələndiricisi Areq Koçinyan 2026-cı il aprelin 10-12-si Azərbaycanın Qəbələ şəhərində sözügedən təşəbbüs çərçivəsində keçirilmiş dördüncü görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
"Belə səfərlərin keçirilməsi üçün bir əsas səbəb var - onlar Ermənistan və Azərbaycan cəmiyyətləri arasında sülhün bərqərar olmasına kömək edir", - o qeyd edib.
Koçinyanın sözlərinə görə, "Sülh körpüsü" təşəbbüsü çərçivəsində artıq dördüncü görüşün keçirilməsi və dialoqun davam etdirilməsi barədə razılaşma mühüm nailiyyətdir.
O vurğulayıb ki, "Sülh körpüsü" təşəbbüsü yeni yanaşmaların inkişaf etdirilməsinə və iki ölkə cəmiyyətləri arasında sülh gündəliyinin irəli sürülməsi üçün əlavə imkanların formalaşdırılmasına yönəlib.