IMG-LOGO

Yaponiya Hörmüz boğazına mina əleyhinə gəmi göndərilməsi barədə hələ qərar qəbul etməyib

13 Apr 2026 12:40 3 baxış
IMG

Yaponiya hələlik minaların təmizlənməsi üçün ölkənin Özünümüdafiə Qüvvələrinə məxsus mina əleyhinə gəminin Hörmüz boğazına göndərilməsi ilə bağlı qərar qəbul etməyib.

"Report" "Kyodo"ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara mətbuat konfransında bildirib.

O əlavə edib ki, Tokio vəziyyətin inkişafını diqqətlə izləyir və beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək.

Onun sözlərinə görə, Yaponiya Yaxın Şərqdə gərginliyin azaldılması üçün yaxın vaxtlarda ABŞ və İran arasında "yekun saziş"in bağlanacağına ümid edir.

"Ən vacibi odur ki, Hörmüz boğazından gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, gərginliyin azaldılmasına həqiqətən də nail olunsun", - o deyib.

"Kyodo" qeyd edir ki, xam neft idxalı baxımından Yaponiya 90%-dan çox Yaxın Şərqdən asılıdır. Bu tədarüklərin əsas hissəsi ABŞ və İsrailin fevralın sonlarında ölkəyə zərbələr endirməyə başlamasından bəri İran tərəfindən faktiki olaraq bağlanan boğazdan keçir. Bununla yanaşı, təhlükəsizlik sahəsində ABŞ-nin yaxın müttəfiqi olan Yaponiya ənənəvi olaraq İranla dostluq münasibətlərini qoruyub saxlayır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib.

Xəbər lenti