IMG-LOGO

Elnur Əliyev: "İşğaldan azad edilmiş ərazilərə sərmayədarların marağı artır"

13 Apr 2026 14:57 3 baxış
IMG

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayədarların marağı getdikcə artır.

"Report" xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun rəhbəri, iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev işçi qrupunun Laçın şəhərində keçirilən iclasında bildirib.

O, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində işğaldan azad edilmiş ərazilərdə iqtisadi dirçəlişin sürətləndirilməsi, biznes fəallığının təşviqi və investorlar üçün cəlbedici mühitin yaradılması məqsədilə ardıcıl və genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırıldığını vurğulayıb.

Qeyd olunub ki, azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün institusional dəstək mexanizmləri gücləndirilib, biznes subyektlərinin həmin ərazilərə cəlbini stimullaşdıran effektiv təşəbbüslər həyata keçirilib. Bunun nəticəsidir ki, bölgəyə sərmayədar marağı getdikcə artır, burada istehsal fəaliyyəti genişlənib və istehsal olunan müxtəlif məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönləndirilməklə yanaşı, xaricə ixrac olunur. Həmçinin sənaye zonalarında infrastruktur daha da təkmilləşdirilir, istehsal sahələri şaxələndirilir və ardıcıl yeni layihələr icra edilir.

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov rayonda aparılan bərpa və quruculuq işlərindən danışıb, əhalinin yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar barədə məlumat verib.

İclas zamanı Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.

Laçına səfər çərçivəsində işçi qrupun üzvləri rayondakı "Zerti" Aqro-Sənaye Parkında görülmüş işlərlə tanış olublar.

Xəbər lenti