"Yapı Kredi Bank Azərbaycan" QSC bu ilin I rübünü 1,418 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 % azdır.
Yanvar-mart aylarında "Yapı Kredi Bank Azərbaycan"ın gəlirləri 21,824 milyon manat (1 il əvvələ nisbətən 21,2 % çox), xərcləri 18,136 milyon manat (33,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,572 milyon manat (1,4 % az), mənfəət vergisi ödəmələri isə 697 min manat (33,8 % çox) təşkil edib.
Bu il aprelin 1-nə "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 789,113 milyon manat olub ki, bu da illik müqayisədə 40,9 % çoxdur. Bunun 455,57 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 56,1 % böyüyüb.
Hesabat dövründə "Yapı Kredi Bank Azərbaycan"ın öhdəlikləri 48,2 % artaraq 663,2 milyon manat, o cümlədən depozit portfeli 30 % artaraq 503,225 milyon manat, balans kapitalı isə 11,7 % artaraq 125,913 milyon manat olub.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.