IMG-LOGO

Şəxs adları Komissiyasının ilk iclasında yeni adların yaradılması prinsipləri müzakirə edilib

13 Apr 2026 15:30 2 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan Respublikası Terminologiya Komissiyanın nəzdində Şəxs adları Komissiyasının ilk iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda komissiyanın yeni tərkibi iştirak edib.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Şəxs adları Komissiyasının sədri professor Nadir Məmmədli bildirib ki, komissiyanın gələcəkdə fəaliyyəti nəticəsində şəxs adlarının elmi əsaslarla sistemləşdirilməsi, onların düzgün yazılış və işlənmə normalarının müəyyənləşdirilməsi, Azərbaycan dilinin daxili qanunauyğunluqlarına uyğun olmayan təsadüfi və süni adların qarşısının alınması istiqamətində mühüm addımların atılacağı gözlənilir.

Qeyd edilib ki, bununla yanaşı, milli ad fondunun qorunması və zənginləşdirilməsi, unudulmuş və tarixi ənənəyə malik adların yenidən dövriyyəyə qaytarılması da Komissiyanın əsas fəaliyyət istiqamətlərindən biri olacaqdır.

İclasda Şəxs adları Komissiyasının gördüyü işlərin planı açıqlanıb.

Komissiyanın məqsədi və funksiyası, Azərbaycan şəxs adlarının təsnifatı, yazılış və transliterasiya problemi, qadağan və ya arzuolunmaz adlar, yeni adların yaradılması prinsipləri, normativ lüğət və açıq platforma yaradılması və sair məsələlər müzakirə olunub.

Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənafova çıxışında titul bildirən bəy, xan sözlərinin şəxs adlarının tərkibində işlənməsi məsələsinə diqqət ayırıb. Bu gün vətəndaşlar arasında adların orfoqrafiyası, səslənməsi məsələsini gündəmə gətirib.

Komissiya üzvləri, ölkədə geniş yayılmış bəzi adların mənşəyinə və onların dil normalarına uyğunluğuna dair fikirlərini bölüşüblər.

İclasda yeni təklif olunan adların Azərbaycan dilinin orfoqrafiya normalarına uyğunluq məsələsi xüsusi diqqət mərkəzində olub.

Yeni formalaşdırılmış Komissiyanın fəaliyyət istiqamətləri, qarşıya qoyulan strateji vəzifələr və bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Xəbər lenti