Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) qadınların səlahiyyətləndirilməsi istiqamətində çoxtərəfli platformalarda dialoqun təşviqinə və üzv dövlətlər arasında qabaqcıl təcrübələrin mübadiləsinə imkan yaradır.
"Report" xəbər verir ki, bunu AQEM-in Baş katibi Kayrat Sarıbay Bakıda keçirilən "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransının açılış mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, beynəlxalq platformalar qlobal öhdəliklərin milli səviyyədə icrasında mühüm rol oynayır:
"Bu səylər qadınların bərabərliyinin təmin olunması və həyatın bütün sahələrində tam iştirakının reallaşdırılması üçün əsas istinad sənədləri olan "Pekin Bəyannaməsi" və "2030 - Dayanıqlı İnkişaf Gündəliyi" kimi ümumbəşəri çərçivələrə əsaslanır".
Baş katib xatırladıb ki, etimadın möhkəmləndirilməsi, iqtisadi inkişaf və əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirən AQEM Asiya üzrə 27 üzv dövləti bir araya gətirir:
"Asiyada qadınların istər siyasətdə, istər iqtisadi liderlikdə, istər sülh quruculuğunda, istərsə də iqlim dəyişikliyi ilə bağlı müzakirələrdə qərarverici funksiyaya kifayət qədər təmsil olunmur. Bu isə konfransın mövzusunu daha da аktuallaşdırır. Qadınların tam şəkildə səlahiyyətləndirilməsi istiqamətində ümumi çətinliklər hələ də qalır. Məsələn, qadınların əmək bazarında iştirakı kişilərlə müqayisədə daha aşağı səviyyədədir. Asiya üzrə əmək iştirakında gender fərqi orta hesabla təxminən 20 % təşkil edir və bəzi ölkələrdə bu göstərici daha da yüksəkdir. Bütün bu problemlər birgə müzakirənin əsas predmeti olacaq".