Çin Sədri Si Cinpin Yaxın Şərq böhranının nizamlanması üçün dörd bənddən ibarət variant təklif edib.
"Report" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Mao Nin "X" hesabında yazıb.
Təklifə əsasən, Yaxın Şərq ölkələri, o cümlədən Fars körfəzi dövlətləri regionda ümumi, kompleks və dayanıqlı təhlükəsizlik sistemi formalaşdırmalıdır.
Çin lideri ikinci və üçüncü bənd kimi dövlətlərin suverenliyi prinsipinə sadiqliyi, habelə beynəlxalq hüququn aliliyini qeyd edib. Onun fikrincə, suverenlik bütün ölkələrin, xüsusən də inkişaf etməkdə olan çoxsaylı dövlətlərin mövcudluğunun və inkişafının əsas təməlidir, beynəlxalq hüquq isə dünyanı "cəngəllik qanunu"na qaytarmamaq üçün ümumi qanunun seçmə qaydada tətbiqinə yol verməməlidir.
"Yaxın Şərq ölkələrinin, o cümlədən Fars körfəzi dövlətlərinin suverenliyinə ciddi şəkildə hörmət edilməli, eləcə də dövlətlərin vətəndaşları, obyektləri və institutlarının qorunması üçün konkret addımlar atılmalıdır. Mərkəzində BMT-nin dayandığı beynəlxalq sistem, beynəlxalq hüquqa və BMT Nizamnaməsində təsbit olunmuş beynəlxalq münasibətlərin təməl prinsiplərinə əsaslanan dünya nizamı ardıcıl surətdə dəstəklənməlidir", - Mao Nin Çin liderinin sözlərindən sitat gətirib.
Çin rəhbəri 4-cü bəndin "inkişaf və təhlükəsizliyin vəhdəti" olduğunu və Pekinin qabaqcıl texnologiyaların tətbiqinə köməklik göstərməyə hazır olduğunu bildirib.
"Tərəflər əlverişli mühit yaratmalı və Yaxın Şərq ölkələrinin inkişafına müsbət təkan verməlidirlər. Çin tərəfi özünün modernləşmə modelinin imkanlarını region dövlətləri ilə bölüşməyə və təhlükəsizliyin inkişafı üçün təməlin möhkəmlənməsinə kömək etməyə hazırdır", - o vurğulayıb.