"Zaporojye" Atom Elektrik Stansiyasında (AES) xarici enerji təchizatının kəsilməsi Rusiya-Ukrayna münaqişəsi fonunda nüvə təhlükəsizliyi risklərini gücləndirir.
"Report"un məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.
"Xarici elektrik təchizatının kəsilməsi münaqişə zamanı nüvə təhlükəsizliyi üçün riskləri bir daha önə çəkir", - baş direktor qeyd edib.
Məlumata görə, bu gün səhər "Zaporojye" AES-də xarici elektrik təchizatı yenidən kəsilib - hərbi münaqişə başlayandan bəri bu, artıq 13-cü belə haldır. Səbəb sonuncu işlək elektrik ötürücü xəttin qırılması olub.
"Stansiyadakı dizel generatorları dərhal işə düşərək, əsas təhlükəsizlik sistemlərinin fəaliyyəti üçün zəruri olan elektrik təchizatını təmin edib", - AEBA-nın bəyanatında bildirilir.
AEBA missiyası vəziyyətə nəzarət edir, mütəxəssislər obyektin vəziyyətinin monitorinqini davam etdirirlər.