IMG-LOGO

Pedro Sançes: Çin Yaxın Şərqdəki münaqişəyə son qoya biləcək yeganə ölkədir

14 Apr 2026 14:50 4 baxış
IMG

Çin Sədri Si Cinpin ölkəsi və İspaniya üçün energetika, iqtisadiyyat, elm və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Si Pekinə rəsmi səfərə gəlmiş İspaniyanın Baş naziri Pedro Sançeslə görüşü zamanı bildirib.

"Çin və İspaniya yaranan imkanlardan istifadə etməli və innovativ inkişafa can atmalıdır", - Si Cinpin deyib.

O əlavə edib ki, dünya Yaxın Şərqdəki münaqişə səbəbindən xaosa sürüklənib və Çin onun nizamlanmasına kömək edəcək.

"Beynəlxalq nizam çökür", - Çin lideri deyib.

Öz növbəsində, Sançes Çini Yaxın Şərqdə gərginliyin azaldılmasna kömək edə biləcək yeganə qlobal oyunçu adlandırıb.

"İran və Hörmüz boğazı ətrafındakı vəziyyəti nizamlamağa kömək edə biləcək Çindən başqa vasitəçilər tapmaq mənim üçün son dərəcə çətindir", - Sançes Pekini diplomatik istiqamətdə daha fəal hərəkət etməyə çağıraraq bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ aprelin 13-də Şərq yay vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) Hörmüz boğazında İran limanlarını bloklamağa başlayıb.

Xəbər lenti