Azərbaycan tamblinqçiləri növbəti yarışlarda, dünya çempionatında ölkənin bayrağını layiqincə dalğalandıracaqlar.
"Report" xəbər verir ki, barədə milli komandanın məşqçisi Rahib Əliyev Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Portuqaliyanın Portimao şəhərində keçirilmiş Avropa çempionatı ilə bağlı fikirlərini bölüşən mütəxəsssis idmançıların çox yaxşı çıxış etdiyini bildirib:
"Fərdi çıxışda Tofiq Əliyev gümüş mükafata layiq görüldü. Məqsədimiz qızıl medal qazanmaq idi. Həm fərdi çıxışda, həm də komanda hesabında Avropa çempionu olmaq istəyirdik. Məşq baxımından hər şey hazır idi. Məncə, komanda olaraq bu yarışdan qalib ayrıldıq. Məsələ medal deyil. Hərdən elə olur ki, qızıl mükafat olmasa belə, qalibsən. İdmançılarımızın hər biri ilə fəxr edirəm. Komandamıza uğurlar arzulayıram. Növbəti yarışlarda, dünya çempionatında da bayrağımızı layiqincə dalğalandıracağıq".
Xatırladaq ki, tamblinqçilər turniri iki gümüş medalla başa vurublar. Tofiq Əliyevdən başqa, Azərbaycan millisi komanda hesabında gümüş mükafata sahib çıxıb.