Serbiyanın Azərbaycan qazını almasını təmin edən Bolqarıstan-Serbiya Qaz İnterkonnektoru ölkənin qaz təchizatını şaxələndirib.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu ölkənin mədən və energetika naziri Dubravka Cedoviç Handanoviç Serbiya ilə Avropa Komissiyasının energetika üzrə İşçi Qrupunun iclasında çıxışı zamanı deyib.
Danışıqların əsas mövzuları neft və qaz təchizatı mənbələrinin və marşrutlarının diversifikasiyası, qaz infrastrukturu və Avropa İttifaqının (Aİ) elektrik enerjisi bazarı ilə inteqrasiya, eləcə də Yaxın Şərqdəki münaqişə səbəbindən enerji təchizatı ilə bağlı vəziyyət olub.
Nazir enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qaz və neft təchizatı mənbələrinin və istiqamətlərinin şaxələndirilməsinə sadiqliyini vurğulayıb:
"Aİ bir çox sahədə bizim ən mühüm tərəfdaşımızdır. Son üç ildə enerji sektorunda islahatlar və qanunvericiliyə uyğunlaşma istiqamətində əhəmiyyətli irəliləyiş əldə etmişik. Elektrik enerjisi paketi tətbiq edilir, ötən ilin sonunda qaz, neft və məcburi ehtiyatlar haqqında qanun qəbul olunub. Azərbaycan qazını aldığımız Bolqarıstan-Serbiya Qaz İnterkonnektorunun tikintisi ilə qaz təchizatını şaxələndirmişik. Təchizatın dayanıqlığı üçün alternativlər vacibdir, əsas məqsədimiz kifayət qədər enerji resurslarına malik olmaq və vətəndaşlarımız üçün əlçatan qiymətlərlə sabit təchizat təmin etməkdir".
O qeyd edib ki, Şimali Makedoniya və Rumıniya ilə qaz interkonnektorlarının tikintisinə hazırlıq gedir. Həmçinin qaz sektorunda layihələrin həyata keçirilməsi və infrastrukturun idarə olunması üçün "Gas infrastruktura" adlı yeni müəssisə yaradılıb:
"Şimali Makedoniya ilə interkonnektorun tikintisinə hazırlıq yaxşı irəliləyir. İşlərə payızın əvvəlində başlayacağıq. Rumıniya ilə isə şərq dəhlizi vasitəsilə təchizatı gücləndirəcəyik və yeraltı qaz anbarlarına qoşulacağıq. Planlaşdırdığımız qaz kəmərləri hidrogen nəqli üçün də uyğunlaşdırılacaq".
Nazirin sözlərinə görə, Banatski Dvor yeraltı qaz anbarının genişləndirilməsi və 300 milyon kubmetr tutuma malik Tilva adlı yeni anbarın tikintisi ilə Serbiyada qaz saxlama gücü bir milyard kubmetrə çatacaq:
"Uzunmüddətli məqsədimiz 2 milyard kubmetr saxlama həcminə nail olmaqdır. Dünya Bankı ilə daxili qaz infrastrukturunun gücləndirilməsi və tikintisini əhatə edən 1 milyard avro dəyərində geniş layihə üzərində danışıqlar aparırıq. Bu, diversifikasiya üçün də vacibdir. Aİ-nin daxili qaz infrastrukturunun inkişafına dəstəyi bizim üçün önəmlidir".
Nazir həmçinin xatırladıb ki, Serbiya regionda Aİ-nin elektrik enerjisi bazarı ilə inteqrasiya üçün bütün şərtləri yerinə yetirən ilk ölkədir:
"Avropa institutlarından mümkün qədər tez təsdiq gözləyirik. Biz öz tərəfimizdən tələb olunan hər şeyi etmişik ki, elektrik enerjisi bazarımızı Aİ bazarı ilə birləşdirək. Bu, həm də üzv ölkələr üçün vacibdir, çünki Serbiya üzərindən həyata keçirilən elektrik enerjisi mübadiləsi təchizatın sabitliyi üçün əhəmiyyətlidir".
Handanoviç vurğulayıb ki, dövlət neft məhsullarının qiymətlərinə nəzarət edir, qiymətlərin sabitləşdirilməsi üçün tədbirlər qüvvədədir və bazarlarda qiymətlərin artmasına baxmayaraq, yeni işlər görüləcək:
""Naftna Industrija Srbije" (NIS) enerji şirkətinə qarşı sanksiyalar, xüsusilə Yaxın Şərqdəki münaqişə səbəbindən qlobal neft böhranı şəraitində böyük çağırışdır. Bizim üçün zavodun fəaliyyətini davam etdirməsi həyati əhəmiyyət daşıyır. Dövlət ehtiyatlarını artırmışıq və bu ehtiyatlar təxminən 80 günlük orta yay istehlakını əhatə edir. Regiondakı bir çox şirkət NIS-dən alış edir, istehsal artırılıb və hazırda təchizat sabitdir. Lakin şirkətin sanksiyalar siyahısından çıxarılması üçün mülkiyyət məsələsi üzrə danışıqların tezliklə başa çatması vacibdir. ABŞ-nin Xarici Aktivlərə Nəzarət Ofisinin müəyyən etdiyi son tarix 22 maydır".