IMG-LOGO

ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 51 mlrd dolları keçib

15 Apr 2026 08:57 3 baxış
IMG

ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri təxminən 46 günlük aktiv döyüş əməliyyatlarından sonra 51,2 milyard dolları keçib.

"Report" xəbərinə görə, bu göstəricilər "Iran War Cost Tracker" portalında yer alıb.

Real vaxt rejimində izləmə resursu Pentaqonun 10 martda ABŞ Konqresi üçün keçirdiyi brifinqdən əldə edilən məlumatlara əsaslanır. Brifinq zamanı bildirilib ki, Vaşinqton Yaxın Şərqdəki döyüş əməliyyatlarının ilk altı günündə 11,3 milyard dollar xərcləyib və münaqişənin hər sonrakı günü üçün təxminən 1 milyard dollar xərcləməyi planlaşdırır.

Qeyd olunur ki, bu rəqəmə qoşunların köçürülməsi və hərbi texnikanın bərpası kimi müəyyən xərclər daxil olmaya bilər. Buna görə də, faktiki xərclər xeyli yüksək ola bilər.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir neçə şəhərə hava hücumları təşkil ediblər. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb. İran buna cavab olaraq İsrailə raket zərbələri endirib və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.

İran ABŞ və onların müttəfiqləri ilə aprelin 8-ə keçən gecə iki həftəlik atəşkəs razılaşmasına nail olub.

Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən müzakirələr razılaşma olmadan başa çatıb.

Xəbər lenti