IMG-LOGO

ABŞ Ordusu İranın dəniz blokadasının bir hissəsi olaraq səkkiz neft tankerini ələ keçirib

15 Apr 2026 08:09 3 baxış
IMG

ABŞ-nin Hərbi Dəniz Qüvvələri İranın dəniz blokadası tətbiq ediləndən bəri, İslam Respublikasındakı limanlara girməyə və ya çıxmağa çalışan səkkiz neft tankerini saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti ABŞ administrasiyasının adı çəkilməyən rəsmisinə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, ABŞ hərbçiləri radiokanal vasitəsilə ticarət gəmiləri ilə əlaqə saxlayıb və onlardan marşrutlarını dəyişmələrini tələb edib. Ələ keçirilən bütün tankerlər bu tələblərə əməl edib.

Məlumata görə, ABŞ İranın dəniz blokadasını tətbiq etmək üçün 15 hərbi gəmi və bir neçə min hərbi qulluqçu yerləşdirib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, bir neçə şəhərə hava hücumları təşkil edib. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb. İran buna cavab olaraq İsrailə raket zərbələri endirib və Fars körfəzindəki Amerika hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 8 aprelə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

11-12 apreldə Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb.

Daha sonra Amerika Prezidenti Donald Tramp ABŞ-nin 13 apreldə şərq yay vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 18:00) Hörmüz boğazındakı İran limanlarını bloklamağa başladığını elan edib.

Xəbər lenti