Kahramanmaraşda məktəbə hücuma görə bəziləri Türkiyənin dövlət qurumlarının işinə kölgə salmağa çalışır.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
"Kahramanmaraşda baş vermiş üzücü hadisədən sui-istifadə edərək, dövlət-millət bağını zəiflətməyi, qurumları şübhə altına almağı, dezinformasiyalar və təxribatlar vasitəsilə ictimai parçalanma yaratmağı hədəfləyən məzmunların dövriyyəyə buraxıldığı müəyyən edilib", - məlumatda bildirilib.
Qeyd olunub ki, xalqın həssaslığından sui-istifadə edərək qavrayış əməliyyatı və psixoloji hərəkat aparan bu qüvvələrə qarşı dövlətin bütün aidiyyəti bölmələri ictimai asayişin qorunması məqsədilə tam koordinasiya içərisində hazır vəziyyətdədir:
"Saxta məlumatlar yayaraq ictimai sabitliyi təhdid edən, cəmiyyəti kin və düşmənçiliyə sövq edən, təxribat xarakterli məzmunlar hazırlayan bütün şəxslər və məzmunlar barəsində lazımi hüquqi proseslər və texniki araşdırmalar ilk andan etibarən başladılıb.
Vətəndaşlarımızın qara təbliğat və psixoloji müharibə məqsədi daşıyan paylaşımlara etibar etməyərək həssaslıq göstərməsi, yalnız səlahiyyətli orqanlar tərəfindən verilən rəsmi açıqlamaları əsas götürməsi kritik əhəmiyyət kəsb edir".
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb.