IMG-LOGO

Azərbaycanda Kipr günləri keçiriləcək

15 Apr 2026 21:45 6 baxış
IMG

İyun ayında Azərbaycanda Kipr günləri keçiriləcək.

"Report"un Türkiyə bürosuna bu barədə Şimali Kiprin Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç bildirib.

Müşavir deyib ki, onları məqsədi Azərbaycan xalqına Kipr xalqının mədəniyyətini, tarixini, turizmini, təbiətini tanıtmaqdır:

"Azərbaycanın Baş naziri Əli Əsədovla Şimali Kiprin Baş naziri Ünal Üstelin aprelin 1-də keçirilən görüşündən sonra bizim əlaqələrimiz daha da geniş vüsət almağa başlayıb. Mədəniyyət və turizm sahəsində də çoxtərkibli əlaqələrimizi genişləndirmək hədəfimizdir. Bu məqsədlə də bizim tanınmış sənətçilərin, mədəniyyətimizi təmsil edən sürpriz qonaqların da iştirakı ilə "Kipr günləri"nin keçirilməsi üçün hazırlıqlarımız davam edir".

Serhan Aktunç xatırladıb ki, 2024-cü ildə də turizmlə bağlı Şimali Kipr Prezidentinin də iştirakı ilə Azərbaycanda təqdimat günləri keçirilib, budəfəki "Kipr günləri" isə daha geniş olacaq.

Qeyd edək ki, aprelin 15-16-da Ankarada 2026-cı il üçün Türk Dünyası Turizm Paytaxtı seçilməsi çərçivəsində 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresi keçirilir. Tədbirə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Macarıstan, Bolqarıstan və Şimali Kiprdən olan mütəxəssislər, müvafiq rəsmi qurum nümayəndələri qatılaraq turizm və hotelçiliklə bağlı müzakirələr aparırlar.

Xəbər lenti